Qeydiyyat

Digər qeydiyyat vasitələri

Xəbərlər

  • DİM I və IV ixtisas qruplarının abituriyentləri üçün iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini elan etmişdir2017-07-25

    Dövlət İmtahan Mərkəzi iyulun 22-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 24-də saat 17:35-dən etibarən elan etmişdir.

    İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə vermiş 27962* abituriyentdən 1366 nəfəri imtahanda iştirak etməmişdir. 13 abituriyent imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

    İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

    Oxu

  • Olimpiada qalibləri Vətənə dönüb2017-07-19

    Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, valideynləri müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıb.

    Qeyd edək ki,  49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.

    Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb.

    Ramil Babazadə eyni zamanda bu il keçirilən Respublika fənn olimpiadasında  qalib gələrək  “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

    Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

    Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşlər.

    Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın  şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

    Oxu

  • DİM II və III ixtisas qruplarının abituriyentləri üçün iyulun 14-də keçirdiyi qəbul imtahanının nəticələrini elan etmişdir2017-07-18

    Dövlət İmtahan Mərkəzi iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 16-da saat 17:55-dən etibarən elan etmişdir.

    İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
    İmtahanda iştirak etmək üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən  abituriyentlərdən 33 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

    İmtahanda yalnız  III ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, Nəsimi rayonu 111 saylı  orta məktəb və Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

    Oxu

  • 12 illik ümumi təhsilə mərhələli keçidin reallaşdırılmasına başlanıb2017-01-10

    “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb.

    Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir.

    Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. Təmayülləşmə peşə-ixtisas təhsili və ali təhsillə əhatə olunma səviyyəsini yüksəldəcək, əmək bazarına daxil olan gənclərin işsizlik riskindən qorunmasına kömək edəcək, Azərbaycan təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcək. Azərbaycanda bundan sonra da təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırılması, şagirdlərin dərs vəsaitləri ilə təmin edilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.

    Sənədə görə, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görüləcək, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdiriləcək. İnsan kapitalının formalaşmasında əsas rol oynayan təhsil işçilərinin, müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüslər dəstəklənəcək.

    12 illik Təhsil planı

    Oxu

  • Tələbələr arasında Breyn Rinq üzrə respublika çempionatı2016-11-23

     

    Tələbələr arasında Breyn Rinq üzrə respublika çempionatı

    Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Breyn Rinq üzrə respublika çempionatı keçirilib.

    Yarış Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FonduDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi  ilə Masallı “ASAN” İntellektual İnkişaf Mərkəzində təşkil edilib.

    Çempionatın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəsil arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.

    Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində silinməz izlər qoyduğunu, multikulturalizm və tolerantlıq sahəsində görülən işləri yarış iştirakçılarının diqqətinə çatdırıblar.

    Daha sonra yarışlara start verilib. Maraqlı mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Bakı Dövlət Sosial İqtisadi Kolleci 1-ci yer, Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci 2-ci yer, Astara Pedaqoji Kolleci isə 3-cü yeri tutub.

    Qaliblər Təhsil Nazirliyi, Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

     

    Fotomateriallara bu link'ə keçərək baxa bilərsiniz: http://edu.gov.az/az/page/9/13252

     

     

    Oxu